loader
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər.
Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər.
Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!”– deyirlər.
Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.
Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər.
Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.
Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar.
Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır.
Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.
O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!
Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.
Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!
Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir.
Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir.
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.
O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.

СЎНГГИ ЯНГИЛИКЛАР