loader
O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.
O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.
O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.
O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.
O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.
Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.
Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!”
Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!”
Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə başqa inəklərə bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”.
Musa dedi: “Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.
O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.
Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.
Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”– deyirlər.
Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!
O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.
Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.
Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?
Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.
Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.
Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– deyə əmr etdik. Onlar: “Eşitdik və asi olduq!”– dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”
De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”.

СЎНГГИ ЯНГИЛИКЛАР