loader
Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!
Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir.
Onlar dedilər: “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.
Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.
Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi. İbrahim: “Nəslimdən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”– dedi.
Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!
Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi.
İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”
Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.
Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”.
Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!
De: “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”
De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”
Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız.
Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.
Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

СЎНГГИ ЯНГИЛИКЛАР