loader
Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır.
Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.
Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.
İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.
Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –
dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.
Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ.
Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!
Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.
Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir.
Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!
Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir.
Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.
Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona əvvəlki ərinə qayıtmaq halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir.
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.
Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.
Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.
Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!
Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.
Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur.
Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar. Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.
Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir.

СЎНГГИ ЯНГИЛИКЛАР