loader
Münafiqlər Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq döyüşə çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”.
De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır.
Kafirlərin yer üzündə Allahdan yaxa qurtara biləcəklərini zənn etmə. Onların sığınacaqları yer oddur. Ora nə pis dönüş yeridir!
Kora, çolağa, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.