loader
Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir.
Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi.
Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsınlar.
Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər.
Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir.
Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı, aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı.
Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah Biləndir, Müdrikdir.
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.