loader
Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.
Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.
Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.
Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir.
Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.
Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”
Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.
Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını təsdiqlədiyi kimsə kafirə tay ola bilərmi? Müsəlmanlar ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə ona (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların çoxu buna inanmır.
Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm.
Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik?
Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız?
Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.
Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”.
O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də ondan yaxa qurtara bilməyəcəksiniz.
Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.
Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.
Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq.
Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”.
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi.
Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.
Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!”
Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”.