Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”.
Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir.
Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.
dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.
Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu bunu bilmir.
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.
Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.
Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.
Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”.
Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”
Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”.
Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, üzümdən şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan dimdikləyib yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”.
O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.
Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.
Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını dimdikləyib yeyəcəklər. Haqqında soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”.
Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.
Padşah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.
O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”.
Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il (quraqlıq illəri) gələcək.
Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə Yusuf dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”.