Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.
Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.
Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.
Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır.
Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur.
Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.
Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”.
O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!
Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!
O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər.
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –
əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər:
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.
Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.
Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”.
Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.
Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.
Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onların adlarını söyləyin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz.
Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur.
Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız Ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız Onadır!”
Beləliklə biz onu (Quranı) ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar.
Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var.
Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya ondan öncə səni öldürsək bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir.
Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir.
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.