Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.
İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik.
Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik.
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik.
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.
Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək oldu və Biz onu yerlə yeksan etdik.
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.
Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de.
Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.
Yetim həddi-büluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır.
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.
Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər.
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik.