qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”.
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!
Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!
Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər.
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?
Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər.
Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər!
Yox, Qiyamət onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir.
Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər?!
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.