loader
Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir.
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir.
Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər.
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.
O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik.
Ona deyiləcəkdir: “Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.
Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi?
Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.
Bununla, onların bətnlərindəkiləri və dərisi əridiləcəkdir.
Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır.
Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: “Dadın odun əzabını!”– deyiləcəkdir.
Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.
Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– demişdik.
İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər.
Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər.
Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır.
Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır.
Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;
Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.
Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.
Əgər səni yalançı saysalar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da elçiləri yalançı saymışdı.
Mədyən əhli də elçiləri yalançı saymışdı. Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları əzabla yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!
Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır.
Neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir!