loader
İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?
Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir.
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.
İnsanlar arasında: “Allaha iman gətirdik!”– deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!”– deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi?
Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar.
Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.
İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir?
Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.
Məgər onlar Allahın məxluqatı əvvəlcə necə yaratdığını, sonra da onları yenidən yaradacağını görmürlərmi? Həqiqətən də, bu, Allah üçün asandır.
O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız.
Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.
Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.
İbrahim dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”.
Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”.
Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.
Həqiqətən, siz kişilərin yanına şəhvətlə gedir, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”– demələri oldu.
Lut dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!”
İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”.
Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.
Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq.
Mədyən əhalisinə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
Onlar isə onu yalançı saydılar. Buna görə də onları qorxunc səsli bir zəlzələ yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Adı da, Səmudu da məhv etdik. Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər.
Qarunu, Fironu və Hamanı da məhv etdik. Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və axırda əzabımızdan qaça bilmədilər.
Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. O, Qüdrətlidir, Müdrikdir.
Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar.
Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nə də onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər.
Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr ancaq Allahdadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.