Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?
Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!”– deyəndə görəydin!
Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.
Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.
Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?