loader
Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir.
Belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun və kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlasın.
Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür.
O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız.
Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər.
Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər.
Baxmayaraq ki, onlar bundan əvvəl cihaddan boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar.
De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, bu qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq əcəliniz çatana qədər çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz”.
De: “Əgər Allah sizə bir pislik etmək istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq etmək istəsə, Ona kim mane ola bilər?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq döyüşərdilər.
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər.
Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Allah Kitab əhlindən müttəfiqlərə yardım edənləri öz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
Yox, əgər Allahı, Onun Elçisini və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”.
Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın.
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.
Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.
Səhər-axşam Onun şəninə təriflər deyin!
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir.
Möminlərin Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlamışdır.
Səni həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi göndərdik.
Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (yanınızda saxlamağa) haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara talaq haqlarını verin və gözəl tərzdə sərbəst buraxın.
Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.