loader
Biz Kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də, dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, Ona ibadət et!
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.
Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır.
Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.
İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.
Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”.
De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur.
Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”.
De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.
Haqqında əzab sözü gerçəkləşmiş kimsəni və Cəhənnəmdə olacaq kəsi sənmi xilas edəcəksən?
Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.
Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.
Onlardan əvvəlkilər də peyğəmbərləri yalançı saymışdılar və buna görə əzab da onlara gözləmədikləri yerdən gəldi.
Biz onlara heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorxsunlar.
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir.
Əslində, sən də öləcəksən, onlar da öləcəklər!
Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?
Onlar üçün Rəbbinin yanında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur.
Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz.
Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi?
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.
Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?”
De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.
Yer üzündə olanların hamısı və, üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır.
Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri əzab onları bürüyəcəkdir.
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir.