Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.
Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?!
O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.
Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları əzabdan qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir.
İman gətirənlərə de ki, Allah, qazandıqları günahlara görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın əzab günlərini gözləməyənləri bağışlasınlar.
Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?
Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin!”– deməkdən başqa bir şey deyildir.
De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir.
Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!”– deyirdiniz”.
və onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz Cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır.
Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır.