loader
Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir.
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ova göndərərkən onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və Onun sevimliləriyik”– dedilər. De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. Dönüş də ancaq Onadır.
Onlar dedilər: “Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq”.
Allah dedi: “Artıq o müqəddəs yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyfsilənmə”.
Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər!
Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”.
Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu.
Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?” Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əlləri və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!”– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar.
Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.
İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar mömin deyillər.
Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.
Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.
Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?