loader
Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır.
Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır.
O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– deyiləcək. Bu, böyük uğurdur.
Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.
Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün əvəzi qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.
O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki, Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.
Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.