Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.
Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda özünüzə ölüm diləyin!”
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”.
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.