loader
Daha öncə kafir olmuş və öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır.
Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə bir insanmı doğru yol göstərəcək?”– deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın onlara ehtiyacı yoxdur. Allah Zəngindir, Tərifəlayiqdir.
Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”
O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.
Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, günahlarından keçsəniz və bağışlasanız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.
Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır. Böyük mükafat isə Allah yanındadır.
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.