Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin.
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,
O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.
O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!”– deyə vəhy etmişdi.
Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.
Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir.
Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir.
Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.
Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz.
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.
Ayələrimiz onlara oxunduğu zaman deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.
O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, onda üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər.
Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir.
Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki,
Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır.
Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.
Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür.
Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.
O zaman siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah Eşidəndir, Biləndir.
O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha qayıdır.
Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir.
O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Müdrikdir!