loader
Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”
Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.
Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi.
Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.
Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz.
Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır.
Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.
Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı.
Əlamətlər yaratdı. İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir.
Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar.
Onlar ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.
Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir.
Onlardan: “Rəbbiniz peyğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır!”– deyərlər.
Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!
Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik!”– deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmişdir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir!
Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Onlara törətdikləri əməllərin pis cəzası nəsib oldu və istehza etdikləri əzab onları ağuşuna aldı.
Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, bil ki, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz.
Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmirlər.
Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər.
Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allahdan yaxa qurtara bilməyəcəklər.
Yaxud vahimə içində olduqları halda Allahın onları yaxalamayacağınımı düşünürlər? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər.