loader
Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.
Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonunu bilmirdilər.
Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, vədimizə inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala gördüyü işi açıb bildirəcəkdi.
Anası onun bacısına: “Onun dalınca get!”– dedi. O da heç kimə hiss etdirmədən kənardan Musaya göz qoyurdu.
Daha öncə Biz ona öz anasından başqa bütün süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik. Musanın bacısı dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”
Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.
Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.
Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!”
Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi.
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!”
Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi.
O, Mədyən sularına gəlib çatanda quyunun başında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır”.
Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”
Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!”
Qızlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.
Şueyb dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən bu müddəti on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməlisalehlərdən olduğumu görəcəksən”.
Musa dedi: “Bu, ikimizin arasında olan razılıqdır. Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə Şahiddir!”
Musa dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr.
Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.
Allah dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.
Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar.
Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar.
Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin.
Biz Musanı çağırdığımız zaman da sən dağın yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən peyğəmbər gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq səni peyğəmbər göndərdik ki, bəlkə, düşünüb anlayalar.
Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, səni peyğəmbər göndərməzdik.
Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?”– dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar demişdilər: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!” Həmçinin demişdilər: “Biz heç birinə inanmırıq!”
De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir Kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabe olum!”
Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz.