loader
Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır.
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!
Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.
Onları günahlarının cəzasını çəkməkdən azad et. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz bu, böyük uğurdur”.
Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allahın sizə olan nifrəti indi sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.
Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm Uca və Böyük Allahındır”.
Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, insanları Görüş günü ilə qorxutsun.
O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”
Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.
Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir.
Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.
Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, yalançı bir sehrbazdır!”– dedilər.
Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar.
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”.
Musa dedi: “Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”
Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir adamı: “Rəbbim Allahdır!”– dediyinə görə öldürəcəksinizmi? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyinin bəzisi sizə toxunar. Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.
Ey xalqım! Bu gün yer üzündə hakim şəxslər kimi hökmranlıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”.
Mömin kişi dedi: “Ey xalqım! Mən sizə, əlbir dəstələrin başına gəlmiş dəhşətli günün bənzərinin sizin də başınıza gəlməsindən qorxuram.
Nuhun qövmünə, Ad və Səmud tayfalarına və onlardan sonra gələnlərə bənzər bəlanın gəlməsindən qorxuram. Allah bəndələrə zülm olunmasını istəməz.
Ey xalqım! Mən başınıza gələcək fəryad qoparacağınız gündən qorxuram.
Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi Qüdrətli və Bağışlayan Allaha çağırıram.
Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Artıq Allah qullar arasında hökmünü vermişdir”– deyəcəklər.
Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”
Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”– deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir.