loader
Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır.
Necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etməzlər. Onların qəlbində nifrət olduğu halda, dildə sizi razı salmağa çalışarlar. Onların çoxu fasiqlərdir.
Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər. Onlar həddi aşanlardır.
Məgər siz andlarını pozan, Peyğəmbəri öz yurdundan qovmaq fikrində olan, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin
və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir.
Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.
Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allah yanındadır.
Yəhudilər: “Üzeyr Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər!
Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.
O gün bu yığdıqları sərvətlər Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı!”– deyiləcəkdir.
Haram ayı təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il də haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar və Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.
Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.
Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”– deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.
Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmamış, yalançıları isə tanımamış nə üçün onlara cihaddan yayınmağa izin verdin?
Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.
Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər, siz də oturun!”– deyildi.
Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə onlara qulaq asanlar da var. Allah zalımları tanıyır.
Onlar əvvəllər də fitnəkarlıq etməyə çalışmış və sənin əleyhinə hiylələr qurmuşdular. Axır ki, haqq yerini tapdı və onlar istəmədikləri halda Allahın hökmü qələbə çaldı.
Onlardan eləsi də var ki: “Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır.
Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər.