daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.
Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.
De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.
Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir.
Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.
O gün ki, hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.
Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorunmağı Sənə həvalə edirəm”.
Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”
Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin.
O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır.
Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.
Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.